Ermənilərin də digər idmançılar kimi turlara qatılması planlaşdırılır.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.
O bildirib ki, gələn il Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı tədbirdə ölkəmizə gələcək idmançılar, o cümlədən turistlərin Azərbaycanın gəzməli və görməli yerləri ilə tanış olması üçün turlar təşkil olunacaq:
“Paytaxt Bakı daxil olmaqla, bölgələrdə olan tarixi abidələrə səfərlər planlaşdırılır. Artıq regionlarda marşrut xətləri müəyyən edilib və bələdçilər fəaliyyət göstərəcək”.
Nazirlik rəsmisi əlavə edib ki, digər idmançılar kimi Avropa Oyunlarında iştirakı nəzərdə tutulan erməni idmançılar da istəkləri əsasında turlarda iştirak edə biləcəklər. Onların təhlükəsizlik məsələsinə xüsusi diqqət yetiriləcək.
Xatırladaq ki, gələn il Bakıda keçiriləcək Avropa Oyunlarına erməni idmançıların qatılması ilə bağlı danışıqlar aparılıb və ümumi razılığa gəlinib. Ermənistan idmançılarının Avropa Oyunlarında iştirakı planlaşdırılır.