Hüquq mühafizə orqanları silahlı qruplaşmanın zəbt etdiyi polis məntəqəsinə əlavə qüvvələr cəlb ediblər.
Oxu.Az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Hadisə yerinə polis əməkdaşlarının olduğu daha 2 avtobus, 4 yük maşını cəlb olunub.
Qeyd edək ki, Yerevanda silahlı şəxslərin ələ keçirdiyi post-patrul xidmətinin binasında 6 polis əməkdaşı girov saxlanılır.
20:13
“Yerevanda silahlı şəxslərin ələ keçirdiyi post-patrul xidmətində 6 nəfər girov saxlanılır”.
Oxu.Az-ın məlumatına görə, “Report” RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin rəsi müavini Unan Poqosyan bildirib.
O vurğulayıb ki, bütün saxlanılanlar polis əməkdaşlarıdır.
14:15
“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını ələ keçirən zaman 1 polis əməkdaşı öldürülüb, 2 polis əməkdaşı yaralanıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Silahlı şəxslər polis əməkdaşlarını girov götürüblər. Aparılan əməliyyat zamanı 2 girov azad edilib.
Əməliyyatın detalları barədə hələ ki, geniş məlumat verilmir.
Ermənistan parlamentinin deputatı Nikol Paşinyan isə TASS agentliyinə açıqlamasında deyib ki, hazırda silahlı şəxslər Ermənistan Polisinin rəis müavini, general-mayor Vartan Eqizaryan daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır.
12:04
Ermənistan Milli Təhlükəsizlik Xidməti bu gün səhər Yerevanda Ermənistan Polisinin Patrul-mühafizə polkuna hücum olduğu və polkun ərazisində girovlar olduğu barədə məlumat yayıb.
Oxu.Az-ın News.am-a istinadən məlumatına görə, hücum edənlər sosial şəbəkələr vasitəsi ilə qiyam qalxdığı barədə məlumat yayırlar.
Ermənistan Milli Təhlükəsizlik Xidməti əhalini bu məlumatlara inanmamağa çağırıb. Məlumatda silahlı şəxslərin silahları dinc yolla təhvil verməsi üçün danışıqlar aparıldığı bildirilib.
11:29
Bir qrup silahlı şəxs tərəfindən Yerevanda Daxili Qoşunların və polis binasını ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Bu barədə Oxu.Az İnterfaks agentliyinə istinadən xəbər verir.
“Təsis parlamenti” təşkilatının sədr müavini Varujan Avetisyan “silahlı üsyanın başlanması”nı elan edib. Silahlılar Serj Sarkisyanın istefasını tələb edirlər.
V.Avetisyan iddia edir ki, Erebunidə yerləşən xüsusi təyinatlıların hərbi hissəsi ələ keçirilib.
11:09
Bir qrup silahlı şəxs Yerevan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib.
Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, onlar müxalif “Yeni Ermənistan” ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.
Silahlıların ələ keçirdiyi binanın azad edilməsi məqsədilə əlavə qoşun göndərilib.
Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, yaxın vaxtlarda polisi rəsmi bəyanatla çıxış edəcək.
Hazırda polis Erebuni rayonuna gedən bütün yolları bağlayıb.