Rusiya parlamentinin spikeri Vyaçeslav Volodin Qarabağ məsələsində Azərbaycanın və özünün kompromislə bağlı fikirlərini nəzərə alaraq, hər zaman balanslaşdırılmış mövqe tutub. Bu dəfə Volodin yalnız bu mövqeni təsdiqlədi.
Bu fikirləri Oxu.Az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.
O bildirib ki, siyasi sabitlik və ümumi proqnozlar Ermənistandakı hadisələr fonunda Azərbaycanın daxilində də nəzərə alınır.
Ona görə də, ekspertin fikrincə, Qarabağ münaqişəsinin həlli çərçivəsində qonşu ölkələrdə baş verən daxili siyasi prosesləri nəzərə almaq lazım gəlir, çünki onlara görə regionda vəziyyət dəyişir, bu isə gec və ya tez Qarabağ məsələsində də özünü göstərəcək.
“Bildirmişdim ki, Ermənistanda proseslər hələ təzə başlayır, çünki Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra əvvəlki hökumətin nümayəndələri faktiki olaraq öz yerlərində qalıblar. Və hazırda onu daxildən parçalamaq üçün Ermənistan hökuməti səylərini artırmalıdır, bu isə qeyri-sabitliyə gətirib-çıxaracaq.

Bir dəfə Ermənistan parlamenti gülləbaran edilmişdi, indi isə hər şey ola bilər”, - Trofimçuk deyib.
Onun sözlərinə görə, Serj Sarkisyan kənara çəkilən zaman yaxın ətrafının ondan əl çəkməyəcəyini güman etmirdi. 
“Ancaq “bomba” getdikcə yaxınlaşır. Düşünürəm ki, KİV-lərdə yayılmış və Paşinyan baş nazir olduqdan sonra Federal Təhqiqatlar Bürosunun Sarkisyanın yaxınları haqqında araşdırmalar başladığı ilə bağlı məlumatlar Paşinyan tərəfdarlarının əməlləri olub”, - müsahib qeyd edib.
Trofimçuk deyib ki, Sarkisyan-Paşinyan tərəfdaşlıq cütlüyündəki vəziyyət Şvardnadze-Saakaşvili cütlüyünü xatırladıb.
“Paşinyan Ermənistan parlamentinə Serj Sarkisyanın razılığı olmadan daxil ola bilməzdi. Çünki həmin vaxt hər şey Sarkisyanın əlində idi. Belə çıxır ki, Paşinyanı da xalq seçməyib.
Paşinyanın siyasi “atası” Sarkisyan olub, Nikol isə indi də “sarkisyanyönümlü” siyasət yeridir. Paşinyan bu yükün altından qalxmayanadək, korrupsiyaya qarşı mübarizə kampaniyasından istifadə etməklə Sarkisyan Ermənistandakı bəzi proseslərə müdaxilə edəcək və unutmayacaq ki, Respublika Partiyası hələ də öz yerində qalıb.
Paşinyan da növbədənkənar parlament seçkilərinin keçirilməsinə tələsmir”, - politoloq əlavə edib.
O bildirib ki, dairə getdikcə daralır.
“Ona görə Sarkisyan tərəfindən planlaşdırılmamış hərəkətləri istisna etmək olmaz, misal üçün Qarabağ ərazisində məsləhətçisi Boko Saakyanın razılığı ilə bu cür addımlar atıla bilər.

“Qarabağ klanı” adlandırılmış qrup da Respublika Partiyası kimi yerindədir və “parlamentdəki gülləbaran”ın altına düşməyib. Bu klanın bütün “əsgərlər”i hələlik mövcuddur və onlar hər an Qərblə Qarabağın statusu məsələsində danışıqlara başlaya bilər”, - Trofimçuk qeyd edib.
Əli Məmmədov
www.oxu.az