Ermənistan İstintaq Komitəsi seçki ilə bağlı cinayət xarakterli pozuntular üzrə ümumilikdə 59 cinayət işi açıb.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qeydə alınan pozuntularla əlaqədar 9 nəfər saxlanılıb.
Bildirilib ki, cinayət işləri Ermənistan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə açılıb. Belə ki, seçki hüququnun həyata keçirilməsinə mane olma faktları ilə bağlı 9, bir neçə dəfə və ya başqasının əvəzinə səsvermə halları ilə bağlı 30, səsvermənin gizliliyinin pozulması ilə əlaqədar 17, terrorla bağlı yalan məlumatların yayılması üzrə isə 3 cinayət işi başlanılıb.
Qurum saxlanılan şəxslərə qarşı hansı konkret ittihamların irəli sürüldüyünü açıqlamayıb.
Qeyd edək ki, Ermənistan parlament seçkisində səsvermə prosesi başa çatıb, seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
Ermənistanda parlament seçkisi zamanı saat 17:00-dək Daxili İşlər Nazirliyinin Operativ İdarəetmə Mərkəzinə 57 qanun pozuntusu ilə bağlı siqnal daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 19 təkrar səsvermə cəhdi, 15 səsvermənin məxfiliyinin pozulması, iki seçki hüququnun həyata keçirilməsinə mane olma, bir seçki rüşvəti vermə və bir seçki məntəqəsində soyuq silah gəzdirmə faktı qeydə alınıb.
Qeyd olunan faktlarla bağlı materiallar ibtidai istintaq orqanına göndərilib. Hazırda 14 nəfər saxlanılıb.
Bundan əlavə, ehtimal olunan qanun pozuntuları ilə bağlı 198 müraciət araşdırılır. KİV-də və sosial şəbəkələrdə seçki ilə bağlı yayılan məlumatlar da yoxlanılır.
Ermənistan DİN-in Miqrasiya və Vətəndaşlıq Xidmətinin məlumatına görə, seçicilərin əlavə siyahılara daxil edilməsi üçün 1 650 nəfər müraciət edib.
Parlament seçkisində iştirak etmək məqsədilə şəxsiyyəti təsdiq edən müvəqqəti sənəd (Forma №9) isə 916 nəfərə təqdim olunub.
Seçkinin təşkili və keçirilməsi ilə bağlı xidmətin qaynar xəttinə 820 zəng daxil olub, daha 1 250 vətəndaşa ərazi bölmələrində və mobil ofislərdə məsləhət xidməti göstərilib.