Ermənistanın Masis şəhərində müxalifət meri David Hambartsumyanın həbsi və səlahiyyətlərinə xitam verilməsindən sonra yeni icma rəhbəri seçilib.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Masis Ağsaqqallar Şurasının qərarı ilə icmaya Hambartsumyanın keçmiş müavini və onun tərəfdaşı Norayr Akobyan rəhbərlik edəcək. Onun lehinə Ağsaqqallar Şurasının 15 üzvü səs verib.
Masis Ağsaqqallar Şurasında 12 yerə sahib olan Ermənistanın hakim Vətəndaş Sazişi Partiyasının fraksiyası isə iclasda iştirak etməyib.
Xatırladaq ki, Masis icmasının keçmiş rəhbəri David Hambartsumyan oktyabrın 23-dən İrəvan Cinayət Məhkəməsi tərəfindən 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm çıxarıldığı anda David Hambartsumyan Moskvada işgüzar səfərdə olub, oktyabrın 28-də Ermənistana qayıtdığı zaman dərhal saxlanılıb. 22 aprel 2018-ci ildə Ararat vilayətinin Ayanist və Ovtaşat kəndlərinin kəsişməsində ictimai asayişin qəsdən və kobud şəkildə pozulması, cəmiyyətə qarşı açıq şəkildə hörmətsizlik göstərilməsi, mitinq iştirakçılarına qarşı zorakılıq tətbiq edilməsi və əmlakın məhv edilməsi üzrə ona qarşı 2018-ci ilin iyun ayında ittiham irəli sürülüb.
2018-ci ilin iyul ayında David Hambartsumyan həbs edilib, lakin iki ay sonra beş milyon dram girov müqabilində azadlığa buraxılıb. İş üzrə ilkin istintaq 2019-cu ilin fevral ayında başa çatıb.