Qan Turalı yazır...
Tənhalıq minlərlə şeirə, romana, filmə ilham verən əbədi və qədim bir mövzudur. Misal üçün, Qustav Yanox "Frans Kafka ilə söhbətlər" kitabında Kafka ilə bir dialoquna da yer verirdi:
- "Siz Kaspar Hauser kimi tənhasınız?
- Mən Franz Kafka kimi tənhayam".
Kafka "Gündəlik"lərində mövzunu belə davam etdirirdi: "Mən insanlara yaxınlaşa bilmirəm, amma onlarsız da yaşaya bilmirəm. Bu, mənim əzabımın iki ucu arasında qapanmış bir həyatdır".
Ancaq məsələ ədiblərin inhisarında deyil. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalığı və sosial təcridi sağlamlıq üçün risk faktoru yaradan amillər siyahısına əlavə edib və tənhalığın qlobal səhiyyənin prioritetlərindən biri olduğunu vurğulayıb. Bu tendensiya xüsusən pandemiya dövründən etibarən yüksəlişə başlayıb.
ÜST tənhalığın erkən ölüm riskini artırdığını və onun orqanizmə vurduğu ziyanın gündə 15 siqaretə bərabər olduğunu vurğulayır. Belə çıxır ki, tənha adam gündə bir qutu (20 ədəd) siqaret çəksə əslində ona dəyən ziyan 35 siqaretin ziyanına bərabərdir. Ancaq burada yaxşı bir cəhət də var. Belə ki, 15 siqaretin pulu tənhanın cibində qalır. Yəni, bədənə 35 siqaretlik ziyan dəysə də, tənha insan 20 siqaretin pulunu ödəyir. Bütün bunlar əlbəttə ki, zarafatdır, ancaq məsələ də son dərəcə mürəkkəbdir.
Təşkilatın açıqladığı rəqəmlərə görə hər altı şəxsən biri özünü tənha hiss edir. Yer kürəsinin əhalisinin sayını nəzərə aldıqda bir milyarddan çox insanın tənha olduğu aydınlaşır. ÜST-ün məlumatlarına görə, tənhalıq və sosial təcrid nəticəsində 2014‑2019-cu illər hər il ərzində təxminən 871 000 ölüm baş verir. Bu da saatda 100 ölüm deməkdir.
Böyük Britaniyada 2018-ci ildə "Tənhalar nazirliyi" yaradılıb. Həmin ildə 9 milyon şəxs tənhalıqdan əziyyət çəkirdi. Ancaq əhəmiyyətli bir nəticə əldə olunmayıb. Ancaq bu istiqamətdə xeyli işlər də görülüb. Ekspertlər diqqətəlayiq nəticə əldə olunmamasının səbəbini maliyyə azlığında görür. Belə ki, bu məqsədlə 80 milyon funt ayrıldığı bildirilir.
Göründüyü kimi, xüsusilə Qərb ölkələrində tənhalıq ciddi bir səhiyyə problemi kimi üzə çıxır. Bunun səbəbləri də aydındır. Sosial təcridin güclənməsi, sosial münasibətlərin, rabitənin zəifləməsi... Ancaq bəşər övladı hər çətin vəziyyətdə xilas yolları tapdığı kimi, burada da xilas yolları tapmaqdadır. İnternetin insanları sosial təcridə sürüklədiyi, real ünsiyyətin yerini virtual ünsiyyətin aldığı barədə uzun illərdir ki, danışılırdı. Ancaq müasir dövrdə insanlar özlərinə yeni bir sirdaş, yeni bir söhbət yoldaşı tapırlar. O da süni intellekt proqramlarıdır.
Söhbət "Character.AI", "Chai", "Replika" kimi tətbiqlərdən gedir. Bu tətbiqlərdən 100 milyonlarla insan istifadə edir. Misal üçün, "Replika"da siz özünüzə dost, sevgili ya da mentor (ustad) seçə bilirsiniz. O da sizin sözləriniz əsasında sizin profilinizi çıxarır və sizə uyğun, sizin xoşunuza gələcək söhbətlə aparır. O sizin hansı rəngi, hansı yeməyi sevdiyinizi dəqiq bilir. Lazım gəldikdə isə bəzən bu söhbətlər erotik məzmun da kəsb edir.
Bəzi xidmətləri pulsuz olsa da ümumilikdə abunəlik sistemi əsasında fəaliyyət göstərən bu tətbiqlər milyonlarla insanın ünsiyyət ehtiyacını təmin edir və onlar tənhalıqdan xilas edir. Tamamilə? Xeyr!
Çünki psixoloqlar bu tətbiqlərin insanlara süni bir səadət, fərəh bəxş etdiyini göstərir. Onların fikrincə, bu tətbiqlər müştəriləri başqa cür desək tənhaları xoşbəxt etməyə hesablanıb. Real həyat isə bunun əksinədir. Axı, real həyatda heç də hər şey bizim istəklərimizə uyğun qurulmayıb. Siz tətbiqdəki virtual dostunuza ya da sevgilinizə şıltaqlıq edə bilərsiniz. Ancaq real həyatda isə hər şey belə sadə deyil.
Bununla belə bu tətbiqlərin istifadəçilərinin sayı durmadan artır. İstifadəçilər xüsusilə bir məqamın üzərində dayanaraq özlərinə haqq qazandırırlar. Belə ki, onlar tətbiqlərin onları mühakimə etmədiyini, bütün hərəkət və sözlərinə haqq verdiklərini bildirirlər. Elmə çoxdan məlum olduğu kimi, təqdir qazanmaq ən insani davranışlardan biridir. Eləcə də mühakimə olunmamaq... Tətbiqlər də məhz insanların bu ehtiyacına cavab verirlər.
Ancaq bu tətbiqlərin tənhalığın dərdinə dərman yoxsa ağrıkəsici olduğu sualı da qarşımızda ciddi bir formada dayanır. Hərçənd, bu sual ritorik, cavabı məlum bir sualdır. Məsələ bundadır ki, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkən tənhalar özlərini bu cür ovudurlar. İnsan tələbatlarına cavab verən hər bir kəşf, hər bir icadın da yaşamağa haqqı var. Ən azı maliyyə baxımından... Necə deyərlər, alan razı, verən razı...
Yazının əvvəlində Qustav Yanox "Frans Kafka ilə söhbətlər" kitabından sitat gətirmişdim. O kitabdan başqa bir sitat da gətirmək istəyirəm.
Yanox: "Amma siz insanları sevirsiniz. Mən bunu hiss edirəm".
Kafka: "Sevirəm, bəli. Amma uzaqdan. Çünki yaxınlıq məni parçalayır. İnsan mənə çox yaxınlaşanda, onun nəfəsini duyanda, mənim içimdə bir qorxu oyanır, sanki o, mənim mövcudluğumu ləğv edəcək. Mən insanları sevirəm, amma onların içində yaşaya bilmirəm".
Kafka müasir dövrdə yaşasaydı çox güman ki, "Retrika" abunəçisi olardı...