Korrupsiya barədə məlumat verən şəxslər qorunacaq və kompensasiya ala biləcəklər.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsində əksini tapıb.
Məlumat verən şəxsin aşağıdakı hüquqları var:
- özü barəsində məlumatların konfidensiallığının qorunmasını tələb etmək;
- özünün, yaxın qohumunun və qohumunun təhlükəsizliyinin qorunmasını, onlara qarşı hər hansı formada qanunsuz təsir göstərilməsinin və ya ədalətsiz rəftarın qadağan edilməsini tələb etmək;
- dövlət hesabına peşəkar hüquqi yardım almaq;
- məhkəmə xərclərindən azad olunmaq;
- maddi və mənəvi zərərə görə kompensasiya almaq;
- konfidensial məsləhət almaq.
Məlumat verən şəxslərin müdafiəsini təmin edən orqanlar (qurumlar) aşağıdakılardır:
- məlumat verən şəxsin işləri (xidmətləri) yerinə yetirdiyi, yaxud yerinə yetirmiş olduğu təşkilat;
- qanunun müvafiq maddəsində nəzərdə tutulmuş hallarda təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar qəbul edən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı;
- təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar əsasında təhlükəsizlik tədbirlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum).