"39 milyard ABŞ dollarından çox investisiya ilə Birləşmiş Krallıq Azərbaycanın ən böyük xarici investoru və əsas iqtisadi tərəfdaşlarından biridir".
Oxu.Az xəbər verir ki, bu fikirləri energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında deyib.
O bildirib ki, keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 67% artıb:
"Bu ilin birinci yarısında isə o, təxminən 6 dəfə artaraq 3,6 milyard ABŞ dollarına çatıb, Azərbaycanın Böyük Britaniyaya ixracı isə 24 dəfə artıb. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə əsası qoyulmuş strateji enerji tərəfdaşlığımız ikitərəfli münasibətlərimizin əsas sütunlarından biri olaraq qalır. Birlikdə həyata keçirdiyimiz irimiqyaslı neft və qaz layihələri, o cümlədən Cənub Qaz Dəhlizi regional və Avropa enerji təhlükəsizliyinə verdiyimiz töhfənin aydın sübutudur.
bp şirkəti ilə əməkdaşlığımız yeni layihələr vasitəsilə inkişaf etməkdə davam edir".
Nazir əlavə edib ki, Azərbaycan Xəzər regionunu və Mərkəzi Asiyanı Avropa ilə birləşdirmək üçün iri yaşıl enerji dəhlizi layihələrini irəli aparır:
"TRIPP vasitəsilə Naxçıvan və Türkiyədən keçərək Şərq bazarlarına uzanacaq marşrut bunlara daxildir. Biz Böyük Britaniyadakı tərəfdaşlarımızı bu və digər yaşıl enerji bağlantısı layihələrində iştirak etməyə dəvət edirik".