Qan Turalı yazır...
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi Milli Məclisin müvafiq komitələrinin iclasında müzakirə edildi. Bu layihədə fahişəliklə məşğul olmağa açıq çağırışlara, eləcə də cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə inzibati cəzalar nəzərdə tutulacaq.
Bu məsələlərin İnzibati Xətalar Məcəlləsinə salınması son dərəcə aktualdır. Ancaq məsələ təkcə bundan ibarət deyil. Təkcə Azərbaycanda yox ümumiyyətlə dünyada xüsusilə ictimai şəxslərə, o cümlədən dövlət və ictimai xadimlərə qarşı qanunun qorumaq gücü tətbiq olunur.
Söhbət nədən gedir? Tutaq ki, ictimai persona (ya da fərq etməz, adi, sadə bir insan) video formatında hansısa bir çıxış paylaşır, ya da bir yazısını... Bir nəfər isə şərhdə onu ən ağır sözlərlə təhqir edir. Bəzən, hansısa sosial media səhifələri, ya da mətbu orqanın internetdəki səhifəsi bir paylaşım edir. Altında da şərhlər... Şərhlərdə nələr yoxdur, böhtan, şərəf və ləyaqətin təhqiri, hədə-qorxu gəlmə, hətta təcavüzlə təhdid... Şəxsin bəzən ailə üzvləri belə söyülür. Belələrinə qarşı hansı tədbir görmək mümkündür? Faktiki olaraq heç bir tədbir...
Bəli, Cinayət Məcəlləsində böhtan və təhqir maddələri var (Maddə 147 və Maddə 148). Maddələr internet informasiya məkanında təhqiri də ehtiva edir və azadlıqdan məhrumetmə cəzasını da nəzərdə tutur.
Bunun üçün isə məhkəməyə xüsusi ittiham qaydasında müraciət etmək lazımdır. Bu nə deməkdir? Cinayət Prosessual Məcəllənin 34-cü maddəsində qeyd olunan Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrin "yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında" həyata keçirildiyi qeyd edilib. Xüsusi ittiham qaydasında cinayət təqibi etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul etdiyi andan açılır. (Maddə 45.4.)
Azərbaycan Respublikasının Ali Məhkəməsi plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" qərarına görə (21 fevral, 2014) xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verildiyi qeyd olunur. Qərara görə yazılı şikayətdə əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi qeyd olunmalıdır.
Problem də buradan başlayır. Xüsusi ittiham qaydasında məhkəməyə müraciət edən şəxs bu şərhi yazanın adını, soyadını, atasının adını, ünvanını, təhqir və böhtan xarakterli şərhin harada yazıldığını necə müəyyən edə bilər? Şikayətçi bu şəxsin kim olduğunu necə müəyyən edə bilər? Təəssüf ki, bütün bunlar sual olaraq qalır. İstər məhkəmə təcrübəsi, istərsə də qanunverici baza bu suallara cavab verə bilmir.
Məhz, buna görə də bir qisim insanlar sosial mediada meydan sulayır, istədiyi şəxsə istədiyi təhqiri yazır, böhtanı atır, hədə-qorxu gəlir, zorakılıq təbliğ edir, bir sözlə geniş fəaliyyət azadlığı əldə edir. O əmindir ki, heç kim onu mühakimə edə bilməyəcək. Cəzasızlıq mühitində mənəviyyat və əxlaqdan, sadə bir empatiyadan məhrum şəxslər özlərini sərbəst hiss edirlər.
Məsələnin həlli isə sadə bir düzəlişlə mümkündür. (Əlbəttə ki, bu barədə hüquqşünasların rəyi daha mötəbər əhəmiyyət daşıyır) Belə ki, Prosessual Məcəlləyə görə cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. Təhqir və böhtan maddələri xüsusi ittiham qayasında olduğu üçün şikayətçi yuxarıda qeyd olunan məlumatları özü məhkəməyə təqdim etməlidir. Ancaq təhqir və böhtan maddələri üzrə cinayət təqibi ictimai-xüsusi qaydada həyata keçirilsə, bu cinayətin təqibi şikayət əsasında prokuror tərəfindən həyata keçirilər. Prokuror üçün isə bu məlumatları əldə etmək son dərəcə rahatdır. O, dövlətin ona verdiyi səlahiyyətləri istiqamətdə cinayət törətməkdə şübhəli bilinən şəxsin məlumatlarını asanlıqla toplayaraq məhkəməyə göndərə bilər.
Cinayət Məcəlləsinə 2016-cı ildə "İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə" (Maddə 148.-1.) maddəsi daxil edilmişdir. Bu maddə ictimai-xüsusi ittiham qaydasında həyata keçirilir. Ancaq burada da problemlər mövcuddur. Belə ki praktikada bu maddə heç işlək deyil. Bundan əlavə olaraq böhtan atan, ya da təhqir edən şəxsin istifadəçi adının saxta olub-olmadığı necə müəyyən olunur? Saxta yox, gerçək olduğu halda şəxsin ünvanını şikayətçi necə müəyyən edəcək? Bütün bunlar istər qanundakı boşluqları, istərsə də praktikadakı problemləri aydın şəkildə özündə təcəssüm etdirir.
Qanunun gücünü işə salmaq isə cəmiyyətdəki mənəvi mühiti saflaşdırmaq, təmizləmək, orada cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etməklə digər şəxsləri də bu cür əməllərdən çəkindirmək mümkündür. Əks halda isə cəzasızlıq mühiti davam edəcək.