Anjelina Diaş prezident Zemana hücum etmək istəməyib.
Oxu.Az xəbər verir ki, bunu adıçəkilən şəxsin vəkili Lutsiya Qrda Seznam.cz-ya açıqlamasında vurğulayıb.
O deyib ki, müdafiə etdiyi şəxs dinc etiraz planlaşdırıb, heç kimə fiziki təsir etmək istəməyib və silahsız olub.
Vəkilin sözlərinə görə, A.Diaş əlini yuxarı qaldırıb ki, silahsız olduğunu hamı görsün.
O məlumat verib ki, müdafiə etdiyi şəxs prezident mühafizəçilərinin davranışını həddən artıq sərt hesab edir.
“Onun çiyni, qolu, başı əzilib. Mühafizəçilər ona qarşı təhqiramiz ifadələr işlədiblər”, – deyən L.Qrda əlavə edib ki, müdafiə etdiyi şəxs öz işi üzrə məhkəmə dinləmələrinin açıq keçirilməsini istəyir.
Vəkil öz müştərisinin “Miloş Zeman yenidən seçilərsə, Çexiya dövlətinin suverenliyi təhdid edilə bilər, çünki o, Kremlin təsiri altındadır” fikirlərini də səsləndirib.
Polisin bildirdiyinə görə, Ukraynanın “Femen” qrupunun fəalı A.Diaş səsvermə məntəqəsinə saxta jurnalist vəsiqəsi ilə daxil olub.
“Práva” nəşri yazır ki, prezident mühafizəsi, ümumiyyətlə, KİV nümayəndələrinin sənədlərini yoxlamayıb.
27 yaşlı A.Diaş Çexiyaya məhz prezident seçkiləri vaxtı öz etiraz aksiyasını keçirmək məqsədilə gəlib. Qurşağadək çılpaq olan A.Diaş 73 yaşlı Miloş Zemana tərəf qaçıb. Qadının sinəsində ağ boya ilə Çexiyada prezident seçkiləri barədə təhqiramiz sözlər yazılıb. O, həmin sözləri ucadan deyib.
Gördüyü hadisədən sarsılaraq məntəqəni tərk edən, lakin bir qədər sonra səsverməni davam etdirmək üçün geri qayıdan hazırkı prezidentin mühafizəçiləri A.Diaşı saxlayıblar. Həmin vaxtdan qadın təcridxanadadır.
Qanuna görə, onu 48 saatdan çox saxlamaq olmaz. Əgər A.Diaş “xuliqanlıq” maddəsi ilə ittiham edilərsə, onu iki ilədək həbs gözləyir.