Polislər Ferqüsonda asayiş pozuntusu zamanı 29 nəfəri saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters bildirib.
Məhkəmənin Darren Ulsonu qaradərili gənci Maykl Braunu güllələdiyi üçün məhkəməyə cəlb etməmək barədə qərarına etiraz olaraq aksiyaçılar mağaza vitrinlərini sındırıb, polislərə daş atıblar. Asayiş keşikçiləri tüstü şaşkaları və gözyaşardıcı qazla onlara cavab veriblər.
Agentliyin məlumatına görə, etiraz edənlər ondan çox bina və bir neçə polis avtomobili yandırıblar. Sent-Luis polisi Con Belmarın sözlərinə görə, nümayişə çıxanlar tərəfindən 159 dəfə atəş açılıb. Buna baxmayaraq asayiş keşikçiləri atəş açmayıblar.
“İndiki vəziyyət avqusta olan asayiş pozuntularından daha irimiqyaslıdır”, - yerli polisin Twitter səhifəsində bildirilib.
Daha öncə qubernator Cey Nikson Ferqüsona əlavə Milli Qvardiya qüvvələrini göndərmək barədə sərəncam vermişdi.
09:54
Ferqüsonda qaradərili oğlanı güllələyən polisin məhkəməyə cəlb edilməməsinə dair qərar qəbul etdikdən sonra etiraz edənlər ilə polis arasında qarşıdurmalar başlayıb. Bu barədə CNN xəbər verir.
Məhkəmə verdikti səsləndirildikdən sonra şəhərin küçələrində toplaşanlar “Ədalət olmadıqda sülh də yoxdur!” şüarını səsləndirməyə başlayıblar.
Sonra aqressiv ruha köklənmiş aksiyaçılar hüquq mühafizəçilərinə butulkalar atıb, hətta maşınlarına belə hücum ediblər.
Toplaşanların bəziləri pəncərələri sındırmağa və polis maşınını aşırmağa cəhd ediblər. Onlara qarşı gözyaşardıcı qazdan istifadə edilib.
Qaradərili yeniyetmə Maykl Braunu güllələyən ağdərili polis Darren Uilsonun taleyi haqqında qərar noyabr ayının 24-də axşam qəbul edilib.
Braunun ailəsi bəyan edib ki, məhkəmənin qərarına çox təəssüflənirlər.
18 yaşlı Braunun qətli avqustun 9-da baş verib. Şahidlərin dediyinə görə, polis və gənc arasında mübahisə baş verib. Braun əllərini qaldırmağına baxmayan Uilson dayanmadan ona atəş açıb. Polisin versiyasına görə isə Braun Uilsona hücum edib, bu isə digər şahidlərin ifadələrində təsdiqlənib. İnsidentdən sonra Ferqüsonda asayiş pozuntuları çoxalıb, onlar bir neçə həftə davam edib.