“Finlandiya çəkindirici nüvə silahına sahib olmalıdır”.
Bunu Finlandiyanın yeni seçilmiş prezidenti Aleksandr Stubb vəzifədə ilk çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, alyansdakı üzvlüyə görə NATO əsasən üç növ çəkindirici vasitə təqdim edir: birinci çəkindirici qüvvə - hərbçilər, ikincisi raketlər, yaxud döyüş sursatları, üçüncüsü isə ABŞ-nin təmin etdiyi nüvə.
Prezident həmçinin bildirib ki, o, Rusiya ilə gərginlik fonunda təhlükəsizliyini qorumaq üçün sərt qərarlar verməyə hazırdır.
Xatırladaq ki, Finlandiyanın yeni prezidenti Aleksandr Stubb martın 1-i cümə günü vəzifəsinin icrasına başlayıb. Stubb iki altı illik müddətdən sonra istefa verən keçmiş prezident Sauli Niinistyonun yerinə gəlib.
Stubb NATO və Aİ dəyərlərinin güclü tərəfdarıdır. O, dəfələrlə Rusiya əleyhinə çıxışlar edib və bəyan edib ki, Helsinki Ukrayna ilə müharibə bitənə qədər Moskva ilə münasibətləri bərpa etməyəcək. O, həmçinin deyib ki, sülhə gedən yol ancaq döyüş meydanından keçə bilər.
Yeri gəlmişkən, qeyd edək ki, ötən ay Finlandiyanın Baş naziri Petteri Orpo Helsinkinin öz ərazisində ABŞ-nin nüvə silahını yerləşdirməyi planlaşdırmadığını demişdi.
“Nüvə silahları alyansın bir neçə ölkəsində yerləşdirilib və bu kifayətdir”, - deyə hökumət başçısı vurğulamışdı.
Mənbə: RBK
Rəylər