Fransanın xarici işlər naziri Jan-Noel Barro İranda Fransa səfirliyinin iki əməkdaşının ölkənin təhlükəsizlik qüvvələri tərəfindən son dərəcə ciddi hədə-qorxu aktına məruz qaldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Nazirin sözlərinə görə, diplomatlar heç bir əsas göstərilmədən bir neçə saat saxlanılıb və dindiriliblər.
Jan-Noel Barro bildirib ki, saxlanılan əməkdaşlardan biri fiziki zorakılığa da məruz qalıb.
Onun sözlərinə görə, diplomatlar sərbəst buraxıldıqdan sonra Fransa səfirliyinə qayıdıblar və yaxın günlərdə İranı tərk edəcəklər.
Fransanın xarici işlər naziri baş verənləri "diplomatik toxunulmazlığın kobud şəkildə pozulması" və "qəbuledilməz müdaxilə" kimi qiymətləndirib. O vurğulayıb ki, Paris İran vətəndaş cəmiyyətinə dəstəyini davam etdirəcək.