Fransanın qərb hissəsində yerləşən Nant şəhərindəki Nelson Mandela adına liseydə oktyabrın 1-də cümə axşamı səhər vaxtı şagirdlərin aksiyası ərəfəsində yanğın qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu hadisə barədə "actu.fr" portalı məlumat dərc edib.
Saytın yaydığı kadrlardan görünür ki, təhsil binasının fasadı birinci mərtəbədən başlayaraq dam örtüyünədək alovlanıb.
Məktəblilərin jurnalistlərə verdiyi məlumata görə, yanğın yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 10:00) başlayıb. Adının çəkilməsini istəməyən bir müəllim isə bildirib ki, bu hadisəni həmin liseyin öz şagirdləri törətməyib.
"Məktəbə çatanda yalnız zibil qutularının yandığını gördük. Amma bunu edənlər Nelson Mandela liseyinin şagirdləri yox, Nant və qonşu ərazilərdəki başqa məktəblərin təmsilçiləri idi. Onların məqsədi buraya gələrək od vurmaq, pirotexnika atmaq və təhsil binasına ziyan vurmaq olub. Saat 08:10-dan 08:30-dək onlar nəinki zibil qutularını, hətta dəhlizi və binanın böyük bir qismini yandırdılar", - deyə gənclərdən biri bildirib.
"Biz bura təhsil ocağını yandırmaq üçün deyil, hüquqlarımızı qorumaq üçün yığışmışıq. Çünki elə bu məktəbdə bizə öz hüquqlarımızı bilmək öyrədilir", - deyə başqa bir şagird qeyd edib.
Hüquq-mühafizə orqanları binanın önünə cəmləşən etirazçıları uzaqlaşdırmaq üçün gözyaşardıcı qaz tətbiq ediblər. Əraziyə gələn yanğınsöndürmə briqadaları yerli vaxtla 08:30-dan (Bakı vaxtı ilə 10:30-dan) etibarən odun qarşısını almağa başlayıblar.
Məlumata görə, yanğın səbəbindən liseyə aid yataqxananın bir qisminə zərər dəyib.
Qeyd edək ki, yuxarı sinif şagirdlərinin aksiyaları keçən həftədən paytaxtın İl-de-Frans ərazisində başlayıb. Nümayişçilər ağır dərs proqramına, müəllim qıtlığına və təhsil sahəsindəki digər problemlərə qarşı çıxırlar. Çərşənbə gününədək polisin 625 aksiyaçını saxladığı bildirilir.