Bazar ertəsi səhər saatlarında Fransa Hərbi Hava və Kosmik Qüvvələrinə məxsus "Cirrus SR-20" təlim təyyarəsi Salon-de-Provansda (Buş-dü-Ron departamenti) təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, yerli vaxtla saat 10 radələrində Hərbi Hava Qüvvələrinin kiçikölçülü təyyarəsinin iki heyət üzvü həyəcan siqnalı verib.
Müdafiə Nazirliyindən bildirilib ki, xəsarət almalarına baxmayaraq, təlimatçı və pilotdan ibarət heyət xilasedicilərə siqnal göndərməyi bacarıblar. Qurum hər iki hərbçinin yüngül xəsarətlər aldığını vurğulayıb. Qəza zamanı onlar yaşayış məntəqələrindən yayınmağa müvəffəq olublar. Üçüncü şəxslərə heç bir ziyan dəyməyib.
Salon-de-Provans şəhər meriyasının məlumatında deyilir:
"Təyyarədə olan Hərbi Hava Məktəbinin iki hərbi qulluqçusu "RD 113" magistralına qəza enişi edə bilib və hava gəmisi alışmazdan əvvəl oranı vaxtında tərk ediblər".
Yerli hakimiyyət nümayəndələri əlavə ediblər ki, hazırda təcili yardım xidmətlərinin və hüquq-mühafizə orqanlarının araşdırma apara bilməsi üçün "RD 113" trası, "Via Aurelia" və SNCF dəmiryolu xətti müvəqqəti olaraq bağlanıb.
Aviasiya hadisələrinin araşdırılması və qarşısının alınması üzrə dövlət idarəsi qəzanın dəqiq səbəblərini və şəraitini müəyyənləşdirmək məqsədilə təhqiqata başlayıb.