Niderland kraliçası Maksima Şimali Brabant əyalətinin Breda şəhərində yerləşən Kral Hərbi Akademiyasında ehtiyatda olan zabit kimi and içib.
Oxu.Az xəbər verir ki, bu barədə Niderland Kral Sarayının rəsmi saytında dərc olunan məlumatda bildirilib.
Hərbi hazırlıq kursunu başa vuran Maksimaya Niderland Silahlı Qüvvələrinin Kral Quru Qoşunlarının Baş Qərargahında polkovnik-leytenant rütbəsi verilib.
Bildirilib ki, ehtiyatda olan hərbçi kimi Kral Vilem-Aleksandrın həyat yoldaşı qərargah zabiti vəzifəsini yerinə yetirəcək.
Maksima 2026-cı ilin əvvəlində ehtiyatda xidmət etmək üçün müraciət edib. O, əsas hərbi bacarıqlara yiyələnmək məqsədilə nəzəri və praktiki hazırlıq kursu keçib. Kraliçanın təlimi noyabrın 11-də başa çatıb.
Onun həyat yoldaşı Kral Vilem-Aleksandr vaxtilə Niderland Hərbi Dəniz Qüvvələrində müddətli hərbi xidmət keçib, daha sonra isə Quru Qoşunlarında və Hərbi Hava Qüvvələrində xidmət edib.
Cütlüyün böyük qızı, vəliəhd şahzadə Amaliya da 2025-ci ildən "Defensity College" proqramı çərçivəsində hərbi hazırlıq keçir. Oktyabr ayında ona çavuş rütbəsi verilib.