İlin əvvəlindən bəri Fransada rəqəmsal pul (kriptovalyuta) sahiblərinin qaçırılması ilə bağlı 41 cinayət hadisəsi qeydə alınıb.
Oxu.Az "CoinDesk" nəşrinə istinadən xəbər verir ki, cinayətlər təxminən hər iki yarım gündən bir baş verir və bu tendensiya yerli hakimiyyət orqanlarını təhlükəsizlik tədbirlərini təcili şəkildə gücləndirməyə məcbur edib.
Fransa hazırda "qayka açarı vasitəsilə hücumlar" kimi tanınan zorakılıq hallarının mərkəzinə çevrilib. Bu cinayət növündə qurbanlar fiziki işgəncəyə məruz qalaraq, kriptovalyuta vəsaitlərini cinayətkarların hesabına köçürməyə məcbur edilirlər. Kibertəhlükəsizlik üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, mütəşəkkil dəstələr artıq rəqəmsal cüzdanların texniki zəifliklərini axtarmaq əvəzinə, insanların ictimai profillərini və gündəlik iş rejimlərini izləməyə üstünlük verirlər. Qurbanlara tətbiq edilən zorakılıq üsulları 90-cı illərin kriminal mühitini xatırladır.
Fransa Daxili İşlər Nazirliyinin nümayəndəsi Jan-Didye Berje bildirib ki, nazir Loran Nunyes ilə birlikdə bu növ cinayətlərin qarşısını almaq üçün yeni tədbirlər planı hazırlanır. O əlavə edib ki, artıq minlərlə vətəndaş zorakılığın qarşısının alınması üçün nəzərdə tutulan xüsusi platformada qeydiyyatdan keçib, lakin buna baxmayaraq, hadisələrin sayı artmaqda davam edir.