Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fransada müxalifət Makrona qarşı impiçmentə başlayıb
Solçuların Tabe Olmayan Fransa Partiyası respublika Prezidenti Emmanuel Makronun impiçment proseduruna başlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "X" sosial şəbəkəsində (əvvəlki "Twitter") partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano məlumat verib.
"Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq, prezidentə qarşı impiçment elan edilməsi haqqında qətnamə layihəsi deputatların imzalaması üçün göndərilib. Makron seçicilərin etdiyi seçimə tabe olmaq və hökumətin formalaşdırılmasını sol qüvvələrə həvalə etmək istəmir, buna görə də biz onu kənarlaşdırmalıyıq", - o yazıb.
Avqustun 26-da Makron Tabe Olmayan Fransanın daxil olduğu solçu Yeni Xalq Cəbhəsi alyansının iqtisadçı Lüsi Kastenin baş nazir vəzifəsinə namizədlik təklifini rədd edib. Növbəti gün Fransa prezidenti Kaste ilə bağlı yeni məsləhətləşmələr raundu başladıb və sol qüvvələri və sağçı Milli Birliyi həmsöhbətləri sırasından çıxarıb.
Konstitusiyanın 68-ci maddəsi Fransa prezidentinin öz vəzifələrini yerinə yetirmədiyi təqdirdə səlahiyyətlərinin vaxtından əvvəl dayandırılmasını nəzərdə tutur. Bu, parlamentin qəbul etdiyi qanunları təsdiqləməkdən imtina etməyə də aiddir. İmpiçment təşəbbüskarları ilk mərhələdə 58 deputatın (Aşağı Palatanın tərkibinin ondabiri) imzasını toplamalıdırlar. Bundan sonra palata bürosu qətnamə layihəsinin baxılmağa qəbul edilib-edilməyəcəyini müəyyən etməlidir. Daha sonra layihəni müvafiq komissiya təsdiq etməlidir. Təsdiqlənmək üçün qətnamənin lehinə parlament deputatlarının üçdəikisi səs verməlidir. Layihə daha sonra Senata (Yuxarı Palata) göndərilir. Əgər hər iki palata sənədi dəstəkləyərsə, deputatlar və senatorlar birgə iclasa toplaşmalıdırlar. İmpiçment üçün qətnaməni iki palatanın 925 üzvündən ən azı 617-si dəstəkləməlidir.
Növbədənkənar seçkidə Yeni Xalq Cəbhəsi Fransa parlamentinin Aşağı Palatası olan Milli Məclisdəki 577 yerdən 182-ni qazanıb. İkinci yeri Respublika Naminə Birlikdə prezident koalisiyası tutub və indi Burbon sarayında 168 yerə sahibdir. Sağçı Milli Birlik Partiyası Respublikaçılar Partiyasından olan müttəfiqləri ilə birlikdə 143 yer qazanıb. Palatada mütləq çoxluq üçün partiya 289 mandata sahib olmalıdır.
Hazırda Fransada hökumətin istefaya getdikdən sonra vəzifələrini icra etməyə davam etməsi üzrə rekord qeydə alınıb. Makron Baş nazir Qabriel Attalın hökumətini yeni Nazirlər Kabineti formalaşana qədər vəzifələrini davam etdirmələri şərtilə istefaya göndərib.
Rəylər