Fransada qarşıdan gələn prezident seçkisi ölkənin alyansdan çıxması riski səbəbindən NATO daxilində parçalanmaya səbəb ola bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri yazıb.
Bildirilir ki, alyans daxilində sarsılmanın əsas səbəbi Avropa İttifaqının (Aİ) yeganə nüvə gücü olan Fransanın NATO-dan mümkün çıxması ola bilər. "Milli birləşmə" parlament fraksiyasının lideri və Fransa prezidentliyinə namizəd Marin Le Pen may ayının sonlarında bəyan etmişdi ki, ölkə NATO-nun birgə komandanlığından çıxmalıdır.
NATO-nun birgə komandanlığından çıxmaq həm Paris, həm də bütün alyans üçün problemlər yarada bilər. Fransa gedəcəyi təqdirdə ən böyük narahatlığı isə Rumıniyadakı Fransa komandanlığı altında olan 1 200 nəfərlik döyüş qrupunun gələcəyi və NATO ilə nüvə silahları sahəsində qeyri-rəsmi əməkdaşlıq doğurur.