Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunun yanında gənc qadın" adlı əsərlərindən gedir.
Xatırladaq ki, sentyabrın 8-də TF1 telekanalı iki şəxsin səhər saatlarında muzeyə daxil olaraq dörd rəsm əsərini çərçivələrindən kəsib apardığını bildirmişdi.
Marsel prokurorluğunun məlumatına görə, oğrular üç dəqiqədən az müddətdə dörd əsəri - "Madam Kolonna Romano", "Quyunun yanında gənc qadın", "Madam Stefan Pişonun portreti" və "Mütaliə edən Koko" tablolarını divardan çıxarıblar. Hadisə yerindən qaçarkən onlar "Madam Stefan Pişonun portreti" və "Mütaliə edən Koko" əsərlərini muzeyin həyətində atıblar.
Oktyabrın 7-də isə oğurluğu birbaşa törətməkdə şübhəli bilinən iki nəfər də daxil olmaqla, ümumilikdə altı şəxsin saxlanıldığı məlum olub.