Fransanın cənub hissəsindəki Kan-sür-Mer kommunasında tanınmış fransız impressionist Pyer Oqüst Renuarın (1841-1919) muzeyini soyan şəxslər hadisə yerindən uzaqlaşarkən iki tablonu yerə salıblar və həmin sənət inciləri təkrar muzeyə təhvil verilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Nice-Matin" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Məlumata əsasən, rəsm əsərləri muzeyin ərazisindəki parkda aşkar edilib. Qəzetin qeyd etdiyinə görə, oğurlanmış əsərlərdən biri Renuarın fırçasına məxsus olan və 1910-cu ildə çəkilmiş "Madam Kolonna Romano" tablosudur.
Bundan öncə yayılan xəbərlərdə soyğunçuların qaçarkən sadəcə bir tablonu yerə saldığı vurğulanırdı. Oğurlanan əsərlərin ümumi dəyərinin isə təxminən 9 milyon avro olduğu ehtimal edilir.
Qalan oğurlanmış əsərlərin də Renuarın yaradıcılığına aid olub-olmaması haqqında heç bir detal açıqlanmayıb. Hazırda muzeydə rəssamın 13 əsəri, o cümlədən Aristid Mayol, Raul Düfi və Pyer Bonnar kimi digər tanınmış sənətkarların işləri nümayiş olunur.
Fransanın cənubunda, Nitsa yaxınlığında yerləşən Kan-syur-Mer kommunasında fransız impressionist Oqüst Renuar muzeyindən dörd tablo naməlum şəxslər tərəfindən oğurlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə TF1 telekanalı mənbəyə istinadən məlumat yayıb.
Cinayətkarlar çərşənbə axşamı səhər tezdən muzeyin binasına daxil olublar. Telekanalın məlumatına görə, yerli vaxtla təxminən saat 06:00-da (Bakı vaxtı ilə 08:00-da) həyəcan siqnalı işə düşdükdən sonra polisə xəbər verilib. Təhqiqatçılar təhlükəsizlik kameralarının qeydlərində iki soyğunçunun rəsm əsərlərini çərçivədən kəsdiyini müşahidə ediblər. İlkin ehtimallara görə, dörd sənət əsəri aparılıb, lakin onların adları hələlik açıqlanmır.
Son illər ərzində Fransadakı muzeylər bir neçə dəfə irimiqyaslı soyğunçuluqların hədəfinə çevrilib. Xüsusilə, 2025-ci ilin oktyabr ayında cinayətkarlar Luvr muzeyindən Fransa monarxlarının kolleksiyasına aid zinət əşyalarını oğurlamışdılar. Bundan bir neçə saat sonra Fransanın şərqindəki Lanqr şəhərində yerləşən "Deni Didro Maarifçilik Evi" muzeyi qarət edilmiş və oradan qızıl, eləcə də gümüş sikkələr kolleksiyası aparılmışdı.
Bu hadisələrdən sonra ölkənin Daxili İşlər Nazirliyi muzeylər və mədəni irs obyektləri ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş vermişdi.