50 il sonra yenə eyni həyəcan, yenə doğma baxışlar. Bir vaxtlar Qarabağ Universitetinin dəhlizlərində yanaşı yeriyən tələbələr, illər sonra yenidən görüşdülər. Saçlara dən düşüb, üzlərdə illərin izi var. Amma gözlərdə o tələbəlik illərinin işığı hələ də yaşayır.
Oxu.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, 1972-1976-cı illərdə Xankəndi Pedaqoji İnstitutunda təhsil alan məzunlar 50 illik yubileyləri münasibətilə doğma şəhərdə bir araya gəliblər.
Onların Xankəndidə ilk ünvanı illər əvvəl tələbə həyatı yaşadıqları ali təhsil ocağı, keçmiş Xankəndi Pedaqoji İnstitutu, indiki Qarabağ Universiteti olub.
Qarabağ Universiteti isə onların yaddaşında bir bina yox, ömrün ən gözəl çağlarının adı olaraq qalıb. 50 il sonra Xankəndidə keçirilən bu görüş keçmişlə bu günün, xatirələrlə Zəfərin qovuşduğu bir günə çevrilib. Bir vaxtlar bu şəhərdə tələbə həyatı yaşayan məzunlar indi Xankəndinin yenidən qurulan, inkişaf edən və gələcəyə inamla addımlayan simasına şahidlik edirlər.