Fransanın "Renault" avtomobil konserninin bir çox işçisi əvvəllər avtomobil ehtiyat hissələri yığılan xətlərdə silah istehsalının əleyhinədir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Renault"dakı CGT həmkarlar ittifaqının nümayəndəsi Floran Qrimaldi LCI telekanalının efirində bildirib.
Onun sözlərinə görə, işçilər faktiki olaraq hərbi sənaye sahəsinə keçidlə iş yerlərini itirmək arasında seçim qarşısında qoyulurlar:
"Biz öz növbəmizdə keçmişin təcrübəsini təkrarlamaq, 1910-1930-cu illəri və ən əsası onların nəticələrini yenidən yaşamaq istəmirik".
O, həmçinin "Renault"un baş direktoru Fransua Provonun şirkətin yeni siyasətinin bütün işçilər tərəfindən dəstəkləndiyi barədə iddiası ilə razılaşmayıb. CGT nümayəndəsinin fikrincə, bu, "həqiqətə uyğun deyil".
Qrimaldi vurğulayıb ki, həmkarlar ittifaqı səhiyyə və təhsil kimi digər sahələrdə vəsait çatışmazlığı fonunda hərbi xərclərin artırılmasına qarşıdır. O həmçinin hesab edir ki, Fransanın münaqişədə mümkün iştirakından ilk növbədə iri şirkətlər və onların səhmdarları qazanc əldə edəcəklər.
CGT nümayəndəsi "Renault"un ayda 600-ə qədər pilotsuz uçuş aparatı istehsal etmək planlarını da kəskin tənqid edib. Onun sözlərinə görə, bu dronlar 500 kq-a qədər partlayıcı daşıya biləcək. Həmkarlar ittifaqı rəsmisi iddia edir ki, şirkət on il ərzində bu layihədən 1 milyard avro qazanmağı planlaşdırır və müdafiə sənayesi sahəsində daha səkkiz layihəni nəzərdən keçirir.