Suriyadakı hadisələrə görə Türkiyə ilə Rusiya arasındakı münasibətlər pisləşməyəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin ilə martın 5-də Moskvada aparılacaq danışıqlardan sonra İdlibdə atəşkəsə nail olunacağına ümid etdiyini deyib.
Artıq martın 2-də Rusiya və Türkiyə qoşunları Hələb əyalətindəki Kobani şəhəri ətrafında növbəti birgə patrul fəaliyyəti aparıblar.
Bu gün isə Türkiyə parlamentində qapalı qapılar arxasında bütün fraksiyaların deputatlarının iştirakı ilə iclas keçiriləcək. Müdafiə naziri Hulusi Akar və Xarici işlər naziri Mövlud Çavuşoğlu “Bahar Qalxanı” əməliyyatı və Türkiyənin diplomatik addımlarının hədəfləri, nəticələri barədə danışacaqlar.
Türkiyə prezidenti Ankaranın Rusiya və İranla Suriyada heç bir probleminin olmadığını qeyd edib. Bəs Suriyadakı vəziyyət qonşuların gözü ilə necə görünür? Media.Az üçün vəziyyəti gürcü analitik Georgi Kbilçeçxlaşvili şərh edib.
“Hesab edirəm ki, Türkiyənin maraqlarını müdafiə etmək hüququ var. Söhbət Türkiyə üçün əsas təhlükələrdən biri olan kürdlərdən gedir. Mən özüm bir müddət Türkiyədə yaşamışam və vəziyyətdən xəbərdaram”, - deyə həmsöhbətimiz bildirib.
“Türkiyə Suriyada təhlükəsiz zona yaratmaq istəyində tamamilə haqlıdır. Üstəlik əminəm ki, Türkiyə ilə Rusiya öz aralarında ziddiyyət yaratmayacaqlar. Bəli, yüngül toqquşmalar mümkündür. Ancaq bu yalnız prezident Ərdoğana reytinqini artırmağa kömək edəcək. İstənilən hərbi fəaliyyət nəticəsindən kimlərinsə faydalanacağı siyasi qərarların yekunudur. Ancaq əminliklə yenidən deyə bilərəm ki, Rusiya ilə Türkiyə arasında müharibə olmayacaq”, - deyə G.Kbilçeçxlaşvili qeyd edib.
Gürcü ekspertin qeyd etdiyi kimi Rusiya cənub sərhədlərindəki “maraqlarını” müdafiə edir: “Türkiyə niyə bunu etməməlidir? Bu ikili standartları ortaya çıxarır, elə deyil? Buna görə Rəcəb Tayyib Ərdoğan birmənalı olaraq haqlıdır. Türkiyə həmişə kürdlərin radikal düşüncəli hissəsi ilə münasibətlərdə müəyyən çətinliklər yaşayıb, bunu unutmaq olmaz”.
“Türkiyədəki çevriliş cəhdini xatırlayaq. Axı o zaman Rusiya xüsusi xidmət orqanları Ankaraya kömək etdi. Nəticədə çevrilişin qarşısı alındı, Türkiyə ilə Rusiya arasındakı münasibətlər qaydasına düşməyə başladı, enerji sektoru da daxil olmaqla ortaq iqtisadi layihələr başladı. Türkiyənin Avropa İttifaqına ciddi təsir rıçaqları yarandı. Aydındır ki, Ərdoğan da amerikalıları heç vaxt bu çevriliş cəhdinə görə bağışlamaz. Ona görə də Türkiyə və Rusiya bir-birinə maraq göstərirlər”, - deyə G.Kbilçeçxlaşvili deyib.