ABŞ-ın kosmik agentliyi NASA 2015-ci ilin astronomlar üçün unikal hadisə - Günəşin cənub qütbündə nəhəng koronal dəliyin aşkar olunması ilə başladığını bildirib.
Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, Günəş dinamikası üzrə rəsədxana 2015-ci il yanvarın 1-də ulduzun səthində tünd sahə aşkarlayıb və onun şəklini çəkib.
Günəşdəki koronal dəliklər ulduzun maqnit xətlərinin tükəndiyi ərazilərdir. Burada plazma günəşətrafı sahədə qalmayaraq kosmosa can atır. Müvafiq olaraq Günəş səthinin bu yerində sıxlıq və temperatur azalır. Beləliklə də koronal dəliklər - rentgen şüalanmasında tünd ləkələr kimi görünən ərazilər əmələ gəlir.
Belə kosmik hadisələrin ilk fotoşəkilləri NASA tərəfindən 1973 və 1974-cü illərdə əldə edilmişdi. Onların quruluşu daim dəyişsə də, uzun müddət - beş ildən artıq fəaliyyət göstərirlər.
Koronal dəliklər kosmik havaya təsir göstərən faktordur. Onlardan ayrılan plazmalar “Günəş küləyinin” elementinə çevrilir. Günəşdən xaric olan hissəciklərin axını Yerin radiasiya qurşaqlarında sürətlənir və maqnitosferə daxil olur. Onların maqnitosferdəki hərəkəti NASA-nın “Ulduzla birgə həyat” proqramı çərçivəsində Van Allen Probes missiyasında iştirak edən iki peyk vasitəsilə öyrənilir.