Həm Brüselldə, həm Moskvada, həm də Tbilisidə yaxşı bilirlər ki, yaxın gələcəkdə Gürcüstanın NATO-ya qoşulması gündəlikdə deyil.
Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin Rusiya Federasiyası ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bu gün hökumətin iclasından öncə jurnalistlərə deyib.
Bununla belə o, qeyd edib ki, Gürcüstan əməkdaşlıq üçün təşkilat seçməkdə azaddır.
“Gürcüstan müstəqil ölkədir, buna görə də onun istənilən beynəlxalq təşkilatla, həmçinin NATO ilə əməkdaşlıq etmək üçün tam hüququ var. Bu əməkdaşlıq Gürcüstanda NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsi məqsədinə yönəlməyib”, - Abaşidze deyib.
Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov dünən bəyan edib ki, NATO Gürcüstanın təşkilata cəlb edilməsi istiqamətində praktik addımlar atsa, Rusiya müvafiq tədbirlər görəcək.