Gürcüstan nümayəndə heyəti Haaqa Bəyannaməsinin qəbul edilməsinə etiraz olaraq ATƏT Parlament Assambleyasının (PA) Haaqadakı iclas zalını tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, həmin sənədin tərkibində Gürcüstanla əlaqədar xüsusi qətnamə də yer alıb.
Gürcüstan parlamentinin üzvü və nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze öz etirazını səsləndirərək bildirib ki, qəbul olunan sənəddəki bəzi bəndlər ölkənin siyasi mühitini təhrif etməklə yanaşı, milli maraqlara da uyğun gəlmir.
"Bizim nümayəndə heyətimiz etiraz əlaməti olaraq səsvermə prosesində iştirak etməyəcək", - deyə Samxaradze bildirib.
ATƏT-in qəbul etdiyi qətnamədə 2024-cü ildə Gürcüstanda baş tutan parlament seçkisi ilə əlaqədar narahatlıqlar ifadə olunub. Sənəddə vurğulanır ki, beynəlxalq müşahidə missiyalarının hesabatlarında seçki prosesi zamanı xeyli sayda qanun pozuntusunun qeydə alındığı bildirilir.
Bildirilir ki, Gürcüstan nümayəndə heyəti iclas zalını tərk etdikdən sonra ATƏT PA yenə də bəyannaməni səs çoxluğu ilə qəbul edib. Sənəddə xüsusi olaraq qeyd edilir ki, 2024-cü ildə Gürcüstanda keçirilmiş parlament seçkisi və 2025-ci il üzrə yerli özünüidarəetmə seçkisi problemlərlə müşayiət olunub və xalqın real mövqeyini əks etdirməyib.