Pankisi dərəsində "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən üç Gürcüstan vətəndaşı saxlanılıb.
Oxu.Az "Interpress"ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin birinci müavini Laşa Maqradze məlumat verib.
Bildirilib ki, Gürcüstan vətəndaşları mayın 19-na keçən gecə Pankisi dərəsinin Omalo, Birkiani və Cokolo kəndlərində keçirilən əməliyyat zamanı saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər İŞİD sıralarına qoşulub və terror fəaliyyəti həyata keçirmək məqsədilə xarici kuratorlardan təlimatlar alıblar. Onların Pankisi dərəsində terror təşkilatını dəstəkləyən qrup yaratmağa və digər şəxsləri həmin fəaliyyətə cəlb etməyə çalışdıqları bildirilir.
Məlumata görə, onlar bu məqsədlə gizli görüşlər keçirib, həmçinin İŞİD ideologiyasının təbliği ilə məşğul olublar.
Saxlanılarkən şübhəli şəxslərdən odlu silah, sursat, partlayıcı maddələr, kompüter avadanlıqları və mobil telefonlar götürülüb. Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları "İslam Dövləti" terror təşkilatının bayrağını və simvollarını əks etdirən digər əşyaları da aşkar ediblər.
Onlara qarşı xarici terror təşkilatında iştirak və ya terror fəaliyyətinə yardım göstərilməsi (Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi), həmçinin qanunsuz silah və partlayıcı maddələrin dövriyyəsi (236-cı maddə) üzrə istintaq aparılır.
Saxlanılan şəxsləri 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.