Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) oktyabrın 7-də radioaktiv maddə olan uran-238-in xarici vətəndaşa qanunsuz satılması cəhdinin qarşısının alındığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
DTX-nin açıqlamasına görə, əks-kəşfiyyat və əməliyyat şöbələrinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində Gürcüstan vətəndaşı nüvə materialları, o cümlədən radioaktiv uranla qanunsuz davranmaqda şübhəli bilinərək saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əlində olan nüvə materialını - uran-238-i 700 min dollar müqabilində xarici vətəndaşa satmağı planlaşdırıb.
DTX araşdırmanı Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə aparır. Həmin maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məlumatda Gürcüstan vətəndaşının xarici şəxsə satmaq istədiyi uranın miqdarı açıqlanmayıb.