Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər müavini Gela Geladze daxili işlər naziri vəzifəsinə təyin olunub. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə çıxışı zamanı məlumat verib.
"Bildirmək istəyirəm ki, bu gün (28 may - red.) Gela Geladze Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin edilib. Cənab Geladze yüksək kvalifikasiyaya malik hüquqşünasdır. Onun Daxili İşlər Nazirliyində uzunillik təcrübəsi var. Bundan əlavə, o, uzun illər ərzində Gürcüstanın Prokurorluğunda, Xüsusi Dövlət Mühafizə Xidmətində, Ədliyyə Nazirliyində, Cəza və Probasiya Nazirliyində çalışıb", - deyə Kobaxidze bildirib.
Gürcüstan baş nazirinin müavini və daxili işlər naziri Vaxtanq Qomelauri istefa verdiyini açıqlayıb.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
"Mən 10 ildən artıq müddətdə Gürcüstanın daxili işlər naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri və baş nazirin müavini vəzifələrində çalışmışam. Təbii ki, bu illər ərzində ən yüksək dövlət postlarını tutmaq çox əmək və böyük enerji tələb edir. Bu gün ölkədə vəziyyətin sakit olduğu bir vaxtda bu vəzifəni tərk etməyə qərar verdim və komandamdan xahiş etdim ki, ailəmə - həyat yoldaşıma, övladlarıma və yeni doğulmuş nəvəmə daha çox vaxt ayırmağım üçün mənə imkan versinlər", - deyə Qomelauri bildirib.
