Gürcüstanın DİN rəhbəri Georgi Mqebrişvili müavinlərinin sayını altıdan dördə endirib. Bu qərar administrasiya xərclərinin optimallaşdırılması məqsədi ilə edilib, bunu nazirliyin mətbuat xidmətindən bildiriblər.
Oxu.Az newsgeorgia.ge-yə istinadən xəbər verir ki, 2013-cü ilin dekabr ayının 13-də qəbul edilən “Gürcüstan Daxili İşlər Nazirliyinin nizamnaməsinin təsdiqlənməsi haqqında” qərara müvafiq dəyişikliklər artıq edilib.
Beləliklə də Georgi Mqebrişvilinin birinci müavini – Besik Amiranaşvili və daha üç müavini - Şalva Xutsişvili, Merab Malaniya və David Vardiaşvili olacaq.
Bundan başqa, Mqebrişvilinin qərarına görə, həmçinin Sərhəd polisi rəisinin avtomatik olaraq ölkə DİN nazirinin müavini olduğu qərar da ləğv edilib. Bu postu tutan sonuncu şəxs Zurab Qamezardşvili olub. O, noyabrın sonunda öz arzusu ilə tutduğu vəzifəni tərk etməyə dair ərizə yazıb.
Sərhəd polisi rəhbərinin vəzifəsi hələ də vakant olaraq qalır.
Hökumətin administrativ xərcləri 10% azaltdığına dair bəyanatı bu həftə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili edib.
E.Ə.
www.oxu.az