"Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin evindən müsadirə edilən 6.5 milyon dollar dövlət büdcəsinə köçürülüb".
Oxu.Az 1tv.ge-yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Mixeil Şakulaşvili məlumat verib.
Vəkilin sözlərinə görə, Gürcüstan prokurorluğu müdafiə tərəfinin təqdim etdiyi sübutları nəzərə alıb və buna əsasən Qaribaşviliyə qarşı ittihamları dəyişdirib. Hazırda o, Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin "c" bəndi ilə ittiham olunur.
Yeni ittiham Qaribaşvilinin şərab sənayesindəki fəaliyyətdən əldə etdiyi qeyri-müəyyən gəlirlə bağlıdır. Vəkil bildirib ki, bu əməl vəzifədən sui-istifadə kimi deyil, maliyyə cinayəti kimi qiymətləndirilir. O əlavə edib ki, Qaribaşvilinin evindən müsadirə edilən qızıl və saatlar ona məxsus deyil. Eyni zamanda, Şakulaşvili vurğulayıb ki, digər məhkumlar kimi Qaribaşvilinin də şərti azadlığa buraxılmaq və əfv olunmaq hüququ var.
Xatırladaq ki, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili beş il həbs cəzasına məhkum edilib və 1 milyon lari (təxminən 371 000 dollar) cərimə olunub. Onun iki avtomobili də müsadirə edilib.
"Çirkli pulların yuyulması ittihamları ilə günahını etiraf edən Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili həbs olunub və cəzaçəkmə müəssisəsinə köçürülür".
Oxu.Az xəbər verir ki, bunu sabiq nazirin vəkili Mixeil Şakulaşvili yerli jurnalistlərə açıqlamasında bildirib.
"Qaribaşvili artıq həbs olunub. O, hazırda yoldadır və həbsxanaya köçürülür", - deyə vəkil bildirib.
O əlavə edib ki, hələlik sabiq nazirin cəzasını harada çəkəcəyini bilmir.
Çirkli pulların yuyulmasında ittiham olunan Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili günahını boynuna alıb və beş il müddətinə azadlıqdan məhrum ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.
"Gürcüstan Baş Prokurorluğu təqsirləndirilən şəxs İrakli Qaribaşvili ilə günahının etirafı barədə razılığa gəlib. Razılaşmaya əsasən, keçmiş baş nazir Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsi ilə cinayət törətdiyinə görə beş il müddətinə azadlıqdan məhrum ediləcək. O, həmçinin əlavə cəza olaraq 1 milyon lari (370 min dollar) məbləğində cərimə olunub. Qaribaşvili günahını etiraf edir və şərtlərlə razılaşır", - deyə prokurorluqdan bildirilib.