Böyük Britaniyanın “Trenchant” atom sualtı qayığının komandiri Con Lyuis vəzifəsindən azad edilib. Onun işindən uzaqlaşdırılması hərbçilərə şənlik keçirmək üçün verdiyi icazə ilə bağlıdır.
Yüksək rütbəli zabit koronavirusla əlaqədar qoyulan qadağalara məhəl qoymayaraq, ekipaj üzvlərinin Devenport limanında şənlik keçirməsinə razılıq verib.
“Daily Mail” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin yaydığı açıqlamada qeyd olunub.
Uzun müddətdir xidmətdə olan sualtı qayığın üzvlərinə karantinlə əlaqədar bazanı tərk etmək qadağan edilib. Dənizçilər isə əyləncələrini təxirə salmaq istəməyib və gəmidə şənlik təşkil ediblər. Şənlikdən çəkilən görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra rəhbərlik gəminin komandirini cəzalandırmaq qərarına gəlib.
Məlumat üçün qeyd edək ki, son rəqəmlərə görə, Böyük Britaniyada 21 678 nəfər koronavirusun qurbanı olub.