Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Hizbullah"ın yeni baş katibi seçildi
"Hizbullah"ın əsas idarəetmə orqanı olan Şura İcraiyyə Komitəsinin rəhbəri vəzifəsində işləmiş Haşim Səfiuddin Livan partiyasının yeni baş katibi seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Haşim Səfiuddin 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun əl-Nahrda nüfuzlu şiə ailəsində anadan olub. "Hizbullah"ın yüksəkvəzifəli rəsmisi Həsən Nəsrullahın ana tərəfdən qohumudur. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, "Hizbullah"ın "ikinci nömrəsi" hesab olunur.
2017-ci ildə ABŞ Dövlət Departamenti onu terrorçu kimi tanıyıb.
Livana geri çağırılana qədər Haşim Səfiuddin Nəcəf (İraq) və Qumda (İran) Nəsrullahla ilahiyyat təhsili alıb. 1995-ci ildə o, hərəkatın ən yüksək qurumu olan "Məclis əş-Şura"ya (Məşvərət Məclisi) təyin edilib. Haşim Səfiuddin "Cihad Şurası"nın rəhbəri təyin olunub.
O, "Hizbullah"ın üç əsas liderindən biridir - digər ikisi İsrail qüvvələri tərəfindən öldürülən Həsən Nəsrullah və Naim Qasimdir. 2006-cı ildə baş katib vəzifəsinə Həsən Nəsrullahın mümkün varisi kimi onun namizədliyi göstərilib.
2020-ci ilin iyun ayında oğlu Seyid Rza Haşim Səfiuddin keçmiş Qüds Qüvvələri komandiri Qasim Süleymaninin qızı Zeynəb Süleymani ilə evlənib.
Xatırladaq ki, İsrail Müdafiə Ordusu (SAXAL) Beyrutun cənub ətrafına edilən hava hücumu nəticəsində şeyx Nəsrullahın öldürüldüyünü bildirib. Hücum cümə günü "Hizbullah" rəhbərliyinin müşavirəsi zamanı baş verib.
Rəylər