Avstraliyada Rene Yanq adlı qadın demək olar ki, bütün orqanları müştərək olan nadir siam əkizlərini dünyaya gətirib.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, yeni doğulan körpənin iki beyni və iki üzü var.
Qeyd edək ki, tibb işçiləri bu qüsuru hələ doğuşa qədər aşkar edib və valideynlərə abort etməyi məsləhət görüblər. Amma Rene və Saymon bu təklifdən imtina ediblər.
Cütlüyün fikrincə onların iki qızı dünyaya gəlib. Siam əkizləri Feyt və Xoup adları alıblar.
Həkimlər öz növbəsində deyirlər ki, uşağın iki üzü və iki beyni olduğu halda bir onurğa beyni olması çox nadir haldır. Tibb tarixində 35 belə uşaq qeydə alınıb və onlar doğuşdan sonra vəfat ediblər. Feyt və Xoupa gəldikdə isə onlar nəfəs alır və yeyirlər. Amma həkimlər siam əkizlərini klinikadan buraxmırlar və onların vəziyyəti haqqında gündəlik proqnoz tərtib edirlər.