İyunun 30-da "Christie's" hərrac evi ingilis yazıçısı Emili Brontenin "Tufanlı yoxuşlar" ("Wuthering Heights") romanının orijinal parça cilddə olan, günümüzədək gəlib çatmış nadir ilk nəşrlərindən birini hərraca çıxaracaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bu kitab yüz ildən çoxdur ki, açıq bazarda görünməyib.
Hərrac evinin mütəxəssislərinin qiymətləndirmələrinə görə, bu nadir nüsxə 400-600 min funt-sterlinq (təxminən 540-800 min dollar) dəyərində satıla bilər.
Sözügedən nüsxə Emili Brontenin bacısı Enn Brontenin "Aqnes Qrey" əsərinin ilk nəşri ilə birlikdə satışa çıxarılır. Hər iki roman 1847-ci ildə bacıların nəşr üçün istifadə etdikləri kişi təxəllüsləri ilə işıq üzü görmüşdü. "Christie's"in kitablar və əlyazmalar üzrə mütəxəssisi Mark Uiltşir bildirib ki, orijinal parça cildli bu cür kitablarla rastlaşmaq olduqca nadir haldır.