Vasili Kandinskinin fırçasına məxsus olan "Rəngarəng həyat" tablosu Londonda keçirilən hərracda 41.7 milyon dollara alıcısını tapıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Christie's" hərrac evinin rəsmi saytında məlumat yayılıb.
Lotun ilkin qiymətləndirmə dəyəri 18-25 milyon funt sterlinq (təqribən 24-33 milyon dollar) təşkil edib. Sözügedən sənət əsəri 1907-ci ildə rəssam tərəfindən Parisdə ərsəyə gəlib və onun erkən yaradıcılıq dövrünə aiddir.
"Rusiyanın mədəni ənənələri ilə Kandinskinin Parisdə mənimsədiyi bədii avanqard nailiyyətlərinin vəhdət təşkil etdiyi bu tablo, rəssamın yaradıcı baxışının müstəsna gücünü nümayiş etdirir", - deyə hərrac evinin təqdimatında qeyd olunur.
1927-ci ildə "Rəngarəng həyat" əsərini yəhudiəsilli niderlandlı iş adamı və kolleksiyaçı Emanuel Levenşteyn almışdı. 1940-cı il işğalı zamanı nasistlər tablonu bu ailədən müsadirə edərək hərracda satıblar. 1972-ci ildə əsərin sahibi yenidən dəyişib - onu alan Bavariya Torpaq Bankı rəsmi Münhenin "Lenbaxhaus" qalereyasına təhvil verib.
2017-ci ildə Levenşteynin varisləri nasistlər tərəfindən qanunsuz olaraq mənimsənilmiş rəsmin geri qaytarılmasını tələb etmişdilər. Bununla bağlı ABŞ məhkəməsinə iddia da qaldırılmışdı.