Amerikalı rəssam Qertrud Aberkrombinin qaraj satışından cəmi 30 dollara alınan əsəri hərracda 1.35 milyon dollardan baha qiymətə satılıb. Bu, rəssamın əsərləri üçün yeni rekord nəticədir.
Oxu.Az bu barədə CNN telekanalına istinadən xəbər verir.
Naməlum alıcı əsəri Miçiqanda keçirilən əmlak satışından anonim şəkildə alıb. Rəsmdə güclə seçilən imzanı gördükdən sonra ekspertlərə müraciət edib və əsərin məşhur sürrealist rəssam Qertrud Aberkrombinə aid olduğu təsdiqlənib.
1951-ci ildə çəkilmiş "Ağsaqqal Merriamın balıqqulaqları" adlı əsər təxminən 75 il ərzində ictimaiyyətə nümayiş etdirilməyib. Rəssam əsəri həkimə hədiyyə edib, daha sonra tablo nəsildən-nəslə ötürülüb.
1977-ci ildə vəfat edən rəssam təkcə əsərləri ilə deyil, Çikaqoda təşkil etdiyi musiqi salonları ilə də tanınıb.
