İnternetdə mütəxəssislərin rəyinə görə ən yeni rus tankı T-14 “Armata” ola biləcək yeni tip döyüş maşınlarının fotoları yayılıb, Oxu.Az “Voennıy informator” portalına istinadən xəbər verir.
Brezentlə örtülmüş tanklar Moskvanın Alabino qəsəbəsi yaxınlığında, dəmir yolu platforması üzərində çəkilib. Hazırda Alabinoda 9 may Qələbə paradına hazırlıq gedir.
Mütəxəssislərin rəyinə, xüsusilə də Gur Khan blogunun müəllifi, tank eksperti Aleksey Xlopotovun rəyinə görə, bu fotoda yeni tipli təkərciklərlə təchiz olunmuş yeddi təkərcikli hərəkət hissəsi fərqlənir.
Tankların qüllələri karkas və brezentlə örtülüb. Bu, onların forma və ölçüsünü gizlətsə də, maşının ölçüləri və nisbəti şəkildəki tankların yeni tipli, uzadılmış 125 mm-lik topla təchiz olunduğunu iddia etməyə əsas verir.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın ən yeni T-14 “Armata” tanklarını maşınların orduya təhvil veriləcəyi gün təqdim olunacağı gözlənilsə də, sonradan həmin texnikanı 9 may paradına göstərmək qərarına gəlinib.
