2015-ci il fevralın sonlarında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ANS telekanalına müsahibəsində bildirib ki, ölkəmiz Braziliyanın GESPİ şirkəti ilə tank əleyhinə raketlərin birgə istehsalı haqqında danışıqlar aparır.
“Yaxın vaxtlarda bu firmanın təmsilçiləri danışıqların növbəti mərhələsi üçün Azərbaycana gələcəklər. Lakin nəticələr cari ilin aprelində məlum olacaq. Braziliyanın Müdafiə nazirliyi Azərbaycan tərəfini apreldə keçiriləcək silah sərgisinə dəvət edib, müvafiq sənədlər məhz orada imzalanacaq”, - deyə, Yavər Camalov bildirib.
Oxu.Az nüfuzlu bmpd bloquna istinadən xəbər verir ki, “AZERBAIJANI ARMED FORCES” (U.T.A.G ) veb-resursunun məlumatına görə, söhbət GESPİ-nin buraxdığı 84 mm-lik birdəfəlik ALAC tank əleyhinə qumbaraatanlardan gedir.
ALAC (Arma Leve Anticarro) tank əleyhinə əl qumbaraatanı üzərində iş hələ 90-cı illərin əvvələrində başlayıb.
Hazırda onun istehsalı ilə GESPİ və Indústria de Material Bélico do Brazil (IMBEL) şirkətləri məşğul olur.
2014-cü ildə silahın istehsalı başlayıb – Braziliya ordusu GESPİ və İMBEL-dən 180 ədəd ALAC sifariş edib.
2014-cü ilin sonlarında Braziliya mətbuatı ALAC-ın dörd ölkəyə - bir Afrika, iki Yaxın Şərq və bir Asiya ölkəsinə (sonuncunun Azərbaycan olduğu güman edilir) tədarükü barədə danışıqların getməsindən yazmışdı.
Faktiki olaraq, ALAC İsveçin məşhur Saab AT4 əl qumbaraatanın analoqudur.
Ümumi çəkisi 7,5 kq olan ALAC 2,4 kiloqramlıq kumulyativ döyüş başlığına malikdir. O, 300 mm-dən çox qalınlıqda poladı deşir. Birdəfəlik daşıma-atəş borusunun uzunluğu 1020 mm-dir. Effektiv nişanalma və atəş məsafəsi 300 metr təşkil edir. Qumbara bu məsafəni cəmi 1,5 saniyəyə qət edir.