Azərbaycan Yaxın Şərqdə yeni geosiyasi mərkəzə çevrilib.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə İranın "Hamiyanne Velayat" saytında dərc edilən yazıda qeyd olunur.
Saytın yazdığına görə, ABŞ, Türkiyə və İsrailin iştirak etdiyi Suriya-İsrail danışıqlarının Bakıda keçirilməsi təsadüfi deyil və bölgənin təhlükəsizliyində ciddi dəyişikliklərdən xəbər verir.
Bildirilib ki, Azərbaycanın geosiyasi mövqeyi onu həm Suriya, həm də region üçün təhlükəsizlik və geosiyasi əməkdaşlıq nöqtəsinə çevirib.
"Ermənistan isə bölgədə iki əsas geosiyasi blok arasında maneə rolunu oynayır. Zəngəzur dəhlizi layihəsi "Sünik vilayətində" həyata keçirilir və məqsədi İran-Ermənistan sərhədini kəsməkdir. Bu layihə, eyni zamanda, Türkiyə ilə Azərbaycanın kommunikasiya yollarının birləşməsini təmin etmək üçün nəzərdə tutulub", - deyə İran mediası iddia edib.
Saytda qeyd edilib ki, Zəngəzur dəhlizi Azərbaycanın regional əlaqələrini möhkəmləndirməklə yanaşı, İran və Rusiyanın geosiyasi mövqeyinə təsir edən mühüm strateji addımdır.