ABŞ-nin tətbiq etdiyi dəniz blokadası ixrac prosesini dayandırarsa və mövcud anbarlar tam dolarsa, İran təqribən iki həftə ərzində neft istehsalını kəskin şəkildə məhdudlaşdırmağa məcbur olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Financial Times" (FT) yayıb.
Nəşrin peyk görüntülərinə və Fransanın neft ehtiyatlarına nəzarət edən "Kayrros" ekologiya təşkilatına istinadən verdiyi informasiyaya görə, hazırda İranın neft çənlərinin 51 faizi doludur. Ölkənin gündəlik neft ixracı təqribən 1.8 milyon barel təşkil edir. Qəzet vurğulayır ki, mövcud hasilat tempində 16 gündən sonra anbarların ehtiyatı pandemiya vaxtı qeydə alınmış 92 milyon barellik rekord göstəricini üstələyəcək.
FT-yə açıqlama verən "Energy Aspects" konsaltinq şirkətinin geosiyasi təhlil şöbəsinin rəhbəri Riçard Bronz bildirib ki, son günlər Fars körfəzinə daxil olan tankerlər İrana xam nefti yükləmək və saxlamaq imkanı yaradıb. ABŞ ilə mümkün qarşıdurma fonunda Tehran hər biri 2 milyon barel tutuma malik olan bir və ya iki supertankeri gündəlik olaraq yükləyə bilib. Qeyd edək ki, İslam Respublikasının gündəlik hasil etdiyi 3.6 milyon barel neftin yarısı daxili tələbatı ödəməyə yönəldilir.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı aprelin 13-də Hörmüz boğazında İrana qarşı dəniz blokadasına start verəcəyini bəyan etmişdi. Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri artıq İran limanlarına istiqamət alan, habelə ölkə sahillərindən çıxmağa cəhd edən bütün gəmilərin hərəkətini məhdudlaşdırmağa başlayıb.