İran və Ermənistan sərhəddə yük daşımalarının sürətləndirilməsi məqsədilə sadələşdirilmiş "yaşıl" gömrük dəhlizinin yaradılması barədə razılığa gəliblər.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Mexanizmin İranın Nurduz və Ermənistanın Aqarak gömrük məntəqələri arasında tətbiqi nəzərdə tutulur.
Razılaşma İranın Culfa şəhərində İran Gömrük İdarəsinin rəisi Forud Əsgəri ilə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akobyan arasında keçirilən görüşdə əldə olunub. Tərəflər bununla bağlı sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasını nəzərdə tutan protokol imzalayıblar.
Yeni mexanizm çərçivəsində yük məlumatlarının sərhədə çatmazdan əvvəl elektron şəkildə mübadiləsi planlaşdırılır. Bu, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə, kağız sənədlərdən rəqəmsal sənədlərə keçidə və yük maşınlarının sərhəddə gözləmə müddətinin azaldılmasına imkan verəcək.