Vaşinqtonun yeganə tələbi Tehranın nüvə silahı hazırlamaqdan imtina etməsi olacaqsa, İran Omanda keçiriləcək danışıqlarda ABŞ ilə asanlıqla razılığa gələ bilər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Serbiya Radio və Televiziyasına müsahibəsində İran XİN-in siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançi məlumat verib.
"Biz dəfələrlə vurğulamışıq ki, İran nüvə silahı yaratmaqda maraqlı deyil. Əgər ABŞ tərəfi yalnız bu tələbdə israr edərsə, biz yeni razılaşmaya nail ola bilərik", - deyə diplomat qeyd edib.
Taxt-Rəvançi, həmçinin vurğulayıb ki, Omandakı danışıqların uğuru bütün iştirakçıların siyasi iradəsindən asılıdır.
"Lakin əgər kimsə prosesi mürəkkəbləşdirməyə çalışaraq gündəliyə başqa məsələləri daxil edərsə, biz müsbət nəticə əldə edə bilməyəcəyik", - deyə nazir müavini xəbərdarlıq edib.
İran və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin ilk raundu aprelin 12-də Omanda keçiriləcək. Əsas danışıqçılar İran XİN rəhbəri Abbas Əraqçı və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff olacaq.