İranda enerji infrastrukturunu sıradan çıxarmaq üçün nəzərdə tutulan ABŞ istehsalı CBU-94/B bombalarının istifadəsinə işarə edə biləcək qrafit lifləri aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Voyennaya xronika" "Telegram" kanalı məlumat yayıb.
İddialara görə, Xuzistan əyalətində çəkilmiş fotoda yüksək gərginlikli elektrik xəttinin üzərində nazik liflər görünür. Ehtimal edilir ki, həmin izlər "elektrik kəsintisi bombaları" kimi tanınan, qrafit tərkibli CBU-94/B sursatlarının istifadəsinə işarə edə bilər.
Hər bir CBU-94/B bombası 202 ədəd BLU-114/B sub-sursatından ibarətdir. Bomba buraxıldıqdan sonra SUU-66/B səpələyicisi sub-sursatların ətrafa yayılmasını təmin edir. Onlar düşmə sürətini azaltmaq üçün paraşütlərlə, həmçinin elektrik keçirən karbon liflərindən ibarət 147 sarğı ilə təchiz olunub.
Elektrik şəbəkəsinin elementlərinə düşən bu liflər qısaqapanmaya və enerji sistemində həddindən artıq yüklənməyə səbəb olur.
ABŞ 1999-cu ildə Yuqoslaviyanın bombalanması zamanı CBU-94/B bombalarından istifadə edib. Məlumatlara görə, qrafit sursatları ölkənin elektrik şəbəkəsinin 70 faizindən çoxunu sıradan çıxarıb. Bununla belə, sistemin fəaliyyəti bir sutka ərzində bərpa edilib.
"Xuzistanda belə silahdan istifadə ediləcəyi təqdirdə, bunun nəticələri regional elektrik şəbəkələrinə və həmin şəbəkələrə qoşulmuş sənaye müəssisələrinə təsir göstərə bilər", - deyə məlumatda bildirilir.
