İran hüquq-mühafizə orqanları düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən azı 500 nəfəri saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin polis rəisi Rza Radan İranın dövlət teleradio şirkətinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxslər düşmən tərəfə və anti-İran media qurumlarına məlumat ötürməkdə şübhəli bilinirlər. Radan qeyd edib ki, 500 nəfərdən 250-si mühüm fiqur hesab olunur.
Bildirilib ki, həmin şəxslər zərbələr üçün hədəflər barədə məlumat ötürür, müxtəlif qruplaşmalarla əlaqə saxlayır və ictimai asayişi pozmağa çalışırdılar.
Bundan əvvəl İranın Kəşfiyyat Nazirliyinə istinadən xəbər verilmişdi ki, ABŞ və İsrailin zərbələrinin nəticələrini çəkdiklərinə görə ölkədə 18 nəfər saxlanılıb, daha 21 nəfər barəsində isə müvafiq məhkəmə tədbirləri görülüb.