İran hakimiyyəti bu ilin əvvəlində İsfahanda keçirilən etiraz aksiyalarında iştirakına görə təqsirləndirilən iki şəxs barəsindəki edam qərarını həyata keçirib. Edam yerli sakinlərin iştirakı ilə mərkəzi İsfahan əyalətinin Məlikşəhr şəhər meydanında baş tutub.
Oxu.Az "Hürriyet"ə istinadən xəbər verir ki, Əbülfəzl Sepahi Bəcani və Əmir-Hüseyn Səfəri Hüseynabadi barəsində ölüm hökmləri bu gün səhər saatlarında icra edilib.
Məlumata görə, bu şəxslər 2026-cı il yanvarın 8-də polis əməkdaşlarına hücum etməkdə təqsirli biliniblər. İstintaqın versiyasına görə, onlar polislərin üzərinə benzin tökərək yandırıblar.
Bildirilir ki, onlara qarşı, həmçinin silahdan istifadə etdiklərinə, qorxu və terror mühiti yaratdıqlarına, eləcə də ölkədə ictimai asayişi və təhlükəsizliyi ciddi şəkildə pozan hərəkətlərə görə "moharebe" ("Allaha qarşı müharibə aparmaq") ittihamları irəli sürülüb.