"İranda Azərbaycanın orta təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı müxtəlif bəyanatlar verildiyi, aksiyalar keçirildiyi, hətta rəsmi medianın iddiasına görə, Məşhəd şəhərində 11 kilometr uzunluğunda yürüş təşkil edildiyi günlərdə ölkənin özündə bu kontekstdə ciddi problemlər yaşandığına dair məlumat meydana çıxıb".
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının videosüjetində bəhs edilir.
"Belə ki, İranın ən iri banklarından olan Pasarqad Maliyyə Qrupunda əməkdaşların geyim formasına əməl etmədikləri üçün işdən çıxarıldığı barədə xəbərlər yayılıb. Bildirildiyinə görə, qrupa daxil olan PAD şirkətinin 15 əməkdaşı oktyabrın 27-də Pasarqad Bankının baş direktoru Məcid Qasiminin müəssisəyə gəlişi zamanı işini itirib. Onlardan on dörd qadın məcburi hicab qaydalarına əməl etmədiyinə, bir kişi isə cins şalvar geyindiyinə görə işdən çıxarılıb. Yayılan məlumata görə, Qasimi elə oradaca onların işdən çıxarılması barədə göstəriş verib və həmin gün şirkətin icraçı direktorunu da vəzifəsindən azad edib.
Bir neçə saat sonra qrupun digər şirkətlərinin əməkdaşlarına da mesaj göndərilib: "Sabah müəyyən edilmiş geyim qaydalarına uyğun geyinib gəlin, əks halda içəri buraxılmayacaqsınız!"
Bir gün əvvələ qədər işə mantosuz və məcburi hicabsız gələn əməkdaşlar üçün bu mesaj iş şəraitinin qəfil dəyişməsinə səbəb olub. Onlar çadra və rəsmi iş geyimi almaq, ayaqqabılarını dəyişmək və yeni göstərişə uyğunlaşmaq məcburiyyətində qalıblar. Pasarqad Maliyyə Qrupuna daxil olan müəssisələrdə qırx mindən çox insanın işlədiyini nəzərə alsaq, məcburi geyim tələbinin təsir dairəsinin on minlərlə insanı əhatə etdiyini söyləmək olar", - deyə materialda bildirilir.