İran hökuməti Əli Xamenei ilə vidalaşmağa gələcək çoxsaylı ziyarətçi axınını nəzərə alaraq, Tehranda təhlükəsizlik tədbirlərini maksimum dərəcədə artırıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Xamenei ilə vidalaşmaq istəyənlərin sayı səbəbindən İran rəsmiləri mühafizəni gücləndirməklə yanaşı, şəhər nəqliyyatının fəaliyyət qrafikində də dəyişikliklər ediblər. Paytaxtda metro və sürətli avtobus xətləri bu gün səhərdən etibarən bütün hüzn mərasimləri başa çatana qədər 24 saat xidmət göstərəcək.
İnsan axınının qarşısını almaq məqsədilə, dini mərkəzə ən yaxın olan metro stansiyaları tədbir müddətində fəaliyyətini dayandıracaq. Yeraltı nəqliyyatın digər bəzi stansiyalarından isə dini mərkəzə doğru ödənişsiz marşrutlar təşkil olunacaq.
Hüzn yürüşlərinin keçiriləcəyi bir sıra yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. Şəhərin həmin ərazilərə bitişik bütün nəqliyyat qovşaqlarında SEPAH və İran ordusunun hərbçiləri növbətçiliyə cəlb ediliblər.
İran polisindən bildirilib ki, Tehran, Qum və Məşhəd şəhərlərində təşkil ediləcək matəm tədbirləri zamanı asayişin qorunmasına 65 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı nəzarət edəcək.
Fövqəladə hallar yaranacağı təqdirdə ziyarətçilərə tibbi yardım göstərmək üçün Tehranın təcili tibbi yardım xidməti 1 500-ə yaxın həkim, 317 avtomobil, 300 motosiklet və 6 helikopter ayırıb.
Bununla yanaşı, 6 səhra hospitalı da qurulacaq. İran Qızıl Aypara Cəmiyyəti isə öz növbəsində mərasim iştirakçılarına səhiyyə xidmətləri göstərmək və onların paytaxtda yerləşdirilməsinə kömək etmək üçün ən azı 67 min işçi və könüllü səfərbər edib.
Həmçinin, İranın Əli Xameneinin dəfn mərasimi ərəfəsində paytaxt Tehranın hava məkanı da uçuşlar üçün qapadılacaq.
Xamenei ilə vidalaşma Tehranda iyulun 3-də yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 06:30-da - red.) başlayıb. İyulun 4-dən 5-dək Xameneinin cənazəsi hər kəsin vidalaşa bilməsi üçün Tehranın Mosalla (İran paytaxtındakı ən böyük dini-ictimai kompleks) mərkəzində saxlanılacaq. İyulun 6-da Tehranda mərkəzi küçələr boyu matəm yürüşü keçiriləcək, ardınca cənazə İranın əsas dini mərkəzi olan Qum şəhərinə aparılacaq və orada matəm mərasimləri iyulun 7-də baş tutacaq.
Xameneinin dəfni isə iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində planlaşdırılır.