İranda ehtiyatı 15 milyard barel olan yeni neft yataqları tapılıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin (NİOC) məlumatında deyilir.
Bundan başqa, ölkənin qaz ehtiyatlarının 1,8 trilyon kubmetr artdığı NİOC-un icraçı direktoru Əli Kardorun sözlərinin qeyd olunduğu relizdə deyilir.
Kardor həmçinin bildirib ki, İranda neft hasilatı aprelə qədər sutkada dörd milyon barelə çatacaq. 2016-cı ilin yanvar ayında sanksiyalar ləğv edildikdən sonra neft hasilatının həcmi 2 milyon barel həcmində idi.
İran bir il öncə Beynəlxalq Atom Enerji Agentliyinin, ölkə hakimiyyətinin uzun danışıqlardan sonra nüvə potensialını azaltmağa hazır olduğuna dair təqdim etdiyi hesabatdan sonra sanksiyaların əksəriyyətinin ləğvinə nail oldu. Bir müddət sonra Aİ və ABŞ İrana qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının ləğv edilməsini təsdiqlədi.
Ölkə sanksiyaların ləğvindən sonra neft ixracını maksimum şəkildə artıraraq bazarda itirdiyi əvvəlki yerini qaytarmağa çalışır.
N.О.
www.oxu.az